Buludtelecom

Buludtelecom | Korporativ Hostinq xidməti | Online ərizə

Ana səhifə

Müqavilə şərtləri

I. Qeydiyyat blankında doldurduğunuz məlumatın doğruluğuna görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırsınız.

II. Sorğunuzun qəbul olunduğu barədə məlumat əldə etdikdən sonra ən geci 3 (üç) iş günü ərzində ödənişi yerinə yetirməlisiniz. Əks halda müraciətiniz birtərəfli qaydada ləğv olunacaqdır.
* * *

1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu müqaviləyə görə PROVAYDER ABUNƏÇİNİN seçdiyi tarif paketinə uyğun olaraq öz serverlərində veb-sayt, e-poçt və verilənlər bazalarının yerləşdirilməsi üçün disk sahəsi və idarəetmə paneli (bundan sonra “Hostinq Xidməti” adlandırılacaq) təqdim etməyi, ABUNƏÇİ isə bunun müqabilində həmin xidmətin dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında ödəməyi öz öhdəsinə götürür.
1.2. Hostinq Xidmətinə daxil olan imkanlar (disk sahəsi, e-poçt və FTP hesabları, verilənlər bazaları, SSL sertifikatı, ehtiyat nüsxə və s.) seçilmiş tarif paketinin “buludtelecom.com” saytında dərc olunmuş təsviri ilə müəyyən edilir.

2. MÜQAVİLƏNİN DƏYƏRİ VƏ ÖDƏNİŞ MÜDDƏTİ
2.1. Xidmətin dəyəri ABUNƏÇİNİN seçdiyi tarif paketi və ödəniş müddəti (1, 3, 6 ay və ya 1 il) əsasında “buludtelecom.com” saytında dərc olunmuş qiymətlərə uyğun müəyyən edilir.
2.2. Xidmət əvvəlcədən ödəniş əsasında göstərilir. Ödənilmiş müddət bitdikdən sonra xidmət yalnız növbəti müddət üçün ödəniş edildiyi halda davam etdirilir.

3. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
3.1. PROVAYDERİN öhdəlikləri:
3.1.1. Ödəniş daxil olduqdan sonra 1 (bir) iş günü ərzində hostinq hesabını aktivləşdirmək və giriş məlumatlarını ABUNƏÇİNİN elektron poçt ünvanına göndərmək.
3.1.2. Profilaktik işlər və nasazlıqların aradan qaldırılması üçün lazım olan müddət istisna olmaqla, serverlərin fasiləsiz işini təmin etmək. Planlaşdırılmış profilaktik işlər barədə ABUNƏÇİNİ əvvəlcədən məlumatlandırmaq.
3.1.3. ABUNƏÇİYƏ texniki dəstək göstərmək. Əlaqə nömrəsi: (+994 12) 377 377 3, elektron poçt: info@buludtelecom.com.
3.1.4. Hostinq hesabındakı məlumatların mütəmadi ehtiyat nüsxəsini çıxarmaq.
3.1.5. Hazırkı Müqavilə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, ABUNƏÇİ haqqında məlumatları və onun hostinq hesabında yerləşdirilmiş məlumatları üçüncü şəxslərə açıqlamamaq.
3.2. PROVAYDERİN hüquqları:
3.2.1. ABUNƏÇİ hazırkı Müqavilənin 3.4-cü bəndini pozduqda, serverin və digər abunəçilərin təhlükəsizliyini qorumaq məqsədilə xidməti xəbərdarlıq etmədən müvəqqəti dayandırmaq.
3.2.2. ABUNƏÇİNİN saytı serverin normal işinə mane olacaq həcmdə resurs (prosessor, operativ yaddaş, disk əməliyyatları) istifadə etdikdə həmin istifadəni məhdudlaşdırmaq və ABUNƏÇİYƏ daha uyğun tarif paketi təklif etmək.
3.3. ABUNƏÇİNİN öhdəlikləri:
3.3.1. Xidmətin dəyərini hazırkı müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək.
3.3.2. Hostinq hesabının giriş məlumatlarını (istifadəçi adı, şifrə) gizli saxlamaq və onların üçüncü şəxslərə ötürülməsinin nəticələrinə görə məsuliyyət daşımaq.
3.3.3. Saytında istifadə etdiyi proqram təminatını (CMS, plaginlər, skriptlər) vaxtında yeniləmək və məlumatlarının öz ehtiyat nüsxəsini saxlamaq.
3.3.4. Elektron poçt ünvanı və ya əlaqə nömrəsi dəyişdikdə PROVAYDERİ 10 (on) gün müddətində xəbərdar etmək.
3.4. Qadağan olunan istifadə: ABUNƏÇİNİN hostinq hesabından aşağıdakı məqsədlərlə istifadə etməsi qadağandır:
3.4.1. Spam (istəyə bağlı olmayan kütləvi elektron məktublar) göndərmək;
3.4.2. Virus, zərərli proqram, fişinq səhifələri yerləşdirmək və ya yaymaq;
3.4.3. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan, eləcə də üçüncü şəxslərin müəlliflik və digər hüquqlarını pozan məlumatlar yerləşdirmək;
3.4.4. Digər şəbəkələrə və serverlərə icazəsiz daxil olmaq cəhdləri, hücumlar və ya şəbəkənin skan edilməsi.

4. ÖDƏNİŞ ŞƏRTLƏRİ
4.1. ABUNƏÇİ ödənilmiş müddət bitənədək növbəti müddət üçün ödənişi etməlidir.
4.2. Ödəniş vaxtında edilmədikdə xidmət dayandırılır. Xidmət dayandırıldıqdan sonra hesabdakı məlumatlar 15 (on beş) gün saxlanılır; bu müddət ərzində ödəniş edildikdə xidmət bərpa olunur, əks halda məlumatlar silinir.
4.3. ABUNƏÇİ istənilən vaxt daha böyük tarif paketinə keçə bilər. Bu halda qalan müddət üçün paketlər arasındakı qiymət fərqi ödənilir.

5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
5.1. PROVAYDER ABUNƏÇİNİN hostinq hesabında yerləşdirdiyi məlumatların məzmununa və qanuniliyinə görə məsuliyyət daşımır. Bu məlumatlara görə məsuliyyəti ABUNƏÇİ daşıyır.
5.2. PROVAYDER ABUNƏÇİNİN xidmətdən istifadə etməsi və ya edə bilməməsi nəticəsində əldən verilmiş mənfəətə, müştərilərin və ya etibarın itirilməsinə görə məsuliyyət daşımır.
5.3. İnternet müxtəlif şəbəkələrin birləşməsi olduğu üçün PROVAYDER öz məsuliyyət sahəsindən kənarda olan şəbəkələrin və avadanlığın işinə görə məsuliyyət daşımır.
5.4. ABUNƏÇİ hazırkı Müqavilənin 3.4-cü bəndini pozması nəticəsində PROVAYDERƏ və ya üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyət daşıyır.

6. QARŞISI ALINMAZ HALLAR
6.1. Tərəflər fövqəladə və qarşısı alınmaz hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, epidemiyalar, enerji təchizatında və ya birləşdirici provayderlərin şəbəkəsində qəzalar, dövlət orqanlarının qadağanedici tədbirləri və s.) nəticəsində öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
6.2. Belə hallar 1 (bir) aydan çox davam etdikdə Tərəflər Müqavilənin icrası üçün alternativ yolların tapılması məqsədilə danışıqlar aparırlar.

7. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
7.1. Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanır və təfsir olunur.
7.2. Müqavilədən irəli gələn mübahisələr Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilir. Danışıqlar yolu ilə həll olunmadıqda Tərəflər Azərbaycan Respublikasının aidiyyatı məhkəməsinə müraciət edirlər.

8. MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ
8.1. ABUNƏÇİ yazılı müraciət etməklə Müqaviləyə istənilən vaxt xitam verə bilər. Bu halda xidmət ödənilmiş müddətin sonunadək davam edir.
8.2. Müqaviləyə xitam verilməsi ABUNƏÇİNİ yaranmış borcun ödənilməsindən azad etmir.
8.3. Xitamdan əvvəl ABUNƏÇİ öz məlumatlarının nüsxəsini götürməlidir. Xidmət başa çatdıqdan sonra məlumatlar 4.2-ci bənddə göstərilən müddətdən sonra silinir.

9. YEKUN MÜDDƏALAR
9.1. PROVAYDER Müqavilənin şərtlərini və xidmətlərin dəyərini, öz tarif siyasətinə uyğun olaraq, 10 (on) iş günü qabaqcadan “buludtelecom.com” saytında dərc etmək və ABUNƏÇİNİN elektron poçt ünvanına məlumat göndərmək yolu ilə dəyişdirə bilər. Artıq ödənilmiş müddət üçün qiymət dəyişmir.
9.2. Hazırkı Müqavilə qüvvəyə mindiyi andan Tərəflər arasında bu barədə olan bütün əvvəlki yazışmalar və şifahi razılaşmalar qüvvədən düşmüş hesab edilir.
9.3. Bu Müqavilə Azərbaycan dilində tərtib edilib.